“Cyber Bootcamp” layihəsi başa çatıb

Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Kibertəhlükəsizliyin əsas prinsipləri" mövzusunda "Cyber Bootcamp" layihəsi reallaşıb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Kapital Bank ASC-nin baş sponsorluğu ilə reallaşan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib.
Düşərgənin ilk günündə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, rəqəmsal inkişaf və nəqliyyat naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Rahid Ələkbərli, o cümlədən aidiyyatı təşkilatların rəhbər və nümayəndələri, sahə mütəxəssisləri çıxış edərək düşərgənin mövzusu və əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
3 gün davam edən düşərgədə iştirakçılara tanınmış mütəxəssislər tərəfindən “Kibertəhlükəsizlik mühəndisliyi”, “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi”, “Kibertəhlükəsizliyin hüquqi aspektləri”, “Cloud and cloud security”, “İT-ə gedən yol”, “Marketinqdə kibertəhlükəsizlik”, “Sənaye 4.0-da kibertəhlükəsizlik”, “Sosial platformalarda baş vermiş cinayətlər və təhlili”, “Veb proqramlaşdırma və kibertəhlükəsizlik” mövzularında təlimlər keçilib.
Sonda hər bir iştirakçıya sertifikat təqdim olunub. Həmçinin düşərgə müddətində keçirilən simuliyasiya qalibinə “Baku IT Academy” tərəfindən 1500 manatlıq, digər iştirakçılara 80% endirimli kurs paketi, intellektual yarışın qaliblərinə isə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr verilib.